Construction Blog

Coxmərtəbəli binalarda quraşdırılan lift avadanlıqları insanların mənzil başına tez və rahat çatmasına xidmət edir. Bu səbəbdən də hər bir şəxs liftdən istifadə və mövcud təhlükəsizlik qaydalarına riayət etməlidir.

Liftdən istifadə edərkən liftin kabinəsinin divarına vurulmuş istifadə qaydalarına diqqət yetirilməlidir. Bu qaydalarda əsasən liftin istehsal tarixi, istehsalçı şirkət və liftin qaldırma qabiliyyəti haqqında məlumatlar öz əksini tapır. Məhz insanların xüsusi diqqət göstərməli olduğu əsas məsələ liftin qaldırma qabiliyyəti haqqında məlumatdır. Çünki lift istifadəçiləri bu məlumat əsasında liftə hansı sayda şəxsin minməsi və liftin ümumi tutum çəkisi haqqında məlumat əldə etmiş olur. Yadda saxlamaq lazımdır ki, liftdə olan şəxslərin sayının və ümumi çəkisinin müvafiq normanı ötməsi qəti qadağandır.

Tez-tez rast gəlinən hallardan biri də uşaqların liftdən fərdi şəkildə istifadə etməsidir. Bu, uşaqlar üçün təhlükəli haldır. Belə ki, hər hansı nasazlıq ucbatından lift dayanarsa insanlarda narahatçılıq və təşviş halları baş verir. Əsasən də nasazlıq baş vermiş liftin işıqları söndükdə insanlarda vahimə hissi yaranır. Uşaqlarda isə bu hal daha qabarıq şəkildə özünü biruzə verir. Liftdə tək qalan uşaqlarda qorxu, həyəcan hissi bəzən o həddə çatır ki, onlar özlərini itirir, nə edəcəklərini bilmir və ağır psixoloji travma alırlar. Bu səbəbdən də uşaqların liftdən valideynlərsiz və böyüklərsiz istifadəsi qəti qadağandır.

Bəzi hallarda insanlar lifti çağırmaq üçün ikiistiqamətli çağrı düyməsinin ikisini də basırlar. Bəziləri belə düşünür ki, bu halda lift daha tez gələcək. Bu yanlış haldır və hər bir şəxs yalnız gedəcəyi istiqamətə uyğun - aşağı və ya yuxarı düyməni basmalıdır. Liftə mindikdən sonra isə yalnız gedəcəyiniz mərtəbənin düyməsini basmalısınız. Liftin qapılarının arasında dayanmaq olmaz. Liftə tez girib və tez də çıxmaq lazımdır.

Liftdə problemlərin yaranması səbəbindən orada qalan insanların rəftarı, onlara kömək göstərilməsi isə təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu hallarla bağlı aşağıdakı məsələlərə riayət etmək vacibdir.

Liftdə problemlərin yaranmasının əsas səbəbləri aşağıdakılardır:

- Elektrik təchizatı sistemində nasazlıq. Bu hal binaya və ya liftə gələn elektrik sistemində nasazlıq səbəbindən baş verə bilər.

- Liftın qapılarındakı ayırıcılar və birləşdiricilər arasında uzlaşmanın pozulmasına səbəb ola biləcək toz və bu kimi maneələrin qapı ətrafında yığılması. Bəzi hallarda müxtəlif mərtəbələrdə təmizlik işləri aparan şəxslər burada yığılıb qalan toz və digər tullantıları süpürüb götürmək əvəzinə, liftin qapılarına müdaxilə edərək, liftin şaxtasına atmağa çalışırlar. Bu isə liftin işlək mexanizmlərinə mənfi təsir göstərməklə liftdə problemlər yaradır.

- liftdə yersiz və sərt hərəkətlər. Liftdə olarkən bir-birini itələmək, tullanmaq və sərt yerdəyişmələr etmək liftin dayanmasına səbəb olur.

- normadan artıq yuklənmə. Bu hal liftin normal fəaliyyətinə əngəl yaratmaqla yanaşı, onun sıradan çıxmasına da səbəb olur.

- liftin istismar müddətinin bitməsi. Bununla bağlı lift istifadəçiləri binaya xidmət edən lift təsərrüfatı əməkdaşlarından mütəmadi məlumat almalıdırlar.

Liftdə bunlar QƏTİ QADAĞANDIR

- liftin qapılarına, divarlarına və üzərindən cərəyan keçdiyindən tavana toxunmaq;

- lifti silkələmək;

- liftin düymələrini zədələmək;

- liftdə siqaret çəkmək və alışqandan istifadə etmək;

- içərisində işıqları yanmayan liftə daxil olmaq.

Liftdə köməksiz vəziyyətdə qalan şəxs bunları bilməlidir:

- qorxmamaq və təşvişə düşməmək;

- liftin zəng siqnalını fasilələrlə basaraq kömək çağırmaq;

- qapını zədələməmək şərti ilə döymək və kömək çağırmaq;

- köməyə çağırdığınız insanlardan müvafiq orqanlara məlumat vermələrini xahiş etmək.

Liftdə qalan şəxsə necə kömək etməli:

- ilk növbədə, liftdə qalanı sakitləşdirmək, ona mənəvi dəstək olmaq;

- lift təsərrüfatına cavabdeh olan şəxsləri məlumatlandırmaq;

Yadda saxlayın:

- zəlzələ və yanğın zamanı liftdən istifadə qəti qadağandır;

- xilasetmə işləri zamanı binanın damına çıxış qapısının açarı təcili olaraq lift mütəxəssisinə və ya xilasedicilərə təqdim olunmalıdır;

- lift sıradan çıxarsa nadir hallarda sürətlə aşağıya doğru hərəkət edə bilər. Bu halda liftdə olan şəxs üzü üstə döşəməyə uzanaraq və ya çömələrək əllərini liftin sağ və sol divarlarına sıxmalıdır;

- kömək məqsədilə liftin qapılarına və digər hissələrinə müdaxilə etmək olmaz;

- lift mexanizmləri yalnız lift mütəxəssisləri tərəfindən təmir oluna bilər.

 

UNUTMAYIN: Qaydalara biganəlik - həyatınıza təhlükədir!

Recent Posts